Slavço Georgiyevski: “Belə havada elə oynamamaq lazımdır” - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, komandasının hazırlığı, təxirə salınan tur və rəqiblərindən danışıb.

- Sizcə, 19-cu turun oyunlarının təxirə salınması xeyrinizə işləyəcək?
- Futbolçular üçün bu, faydalı olmalıdı. Öz sağlamlığımızı qoruyuruq. Belə havada zədə alsan, çətin ki, onu tezliklə sağaltmaq mümkün olsun. Odur ki, belə havada elə oynamamaq lazımdır.

- “Neftçi”ni bütövlükdə mövsümün qalan dövrünə hazırdı?
- Şübhəsiz. Biz yaxşı hazırlıq keçdik. Amma bizim bu hazırlığı yüksək qiymətləndirməyimiz fərqli şeydir. Əsas bunu qarşıdakı oyunların nəticəsində əks etdirmək lazımdır. Rəqiblərimiz də gücləniblər. Yəni liderlər arasında elə də ciddi fərq yoxdur.

- Yəqin ki, rəqiblərinizin hazırlığını da izləmisiz?
- Xeyr. Futbolçunun işi hazırlaşmaqdır. “Neftçi”də elə insanlar var ki, bu işlərlə də maraqlanırlar. Əgər nəsə olsa, bizə deyərlər. Digər tərəfdən, yoldaşlıq oyunlarındakı nəticələrə o qədər önəm vermək də lazım deyil. Əsas ölkə çempionatının oyunlarıdır.

- Deməli, sizin Qədirov turnirindəki vurduğunuz qolları da hesaba almaq lazım deyil?
- Niyə ki? Çempionat oyunlarında da qol vura bilərik. Bilirsiz, indiki anda hər şey baş məşqçidən asılıdır. Daha doğrusu, onun verəcəyi tapşırıqlardan. Hərdən Böyükağa Hacıyev irəli getməyi tələb edir. Bəzən də mənə bildirir ki, daha çox müdafiəyə kömək edim. Mənə nə deyilirsə, onu da edirəm.

- Yeri gəlmişkən, “Neftçi” bu qış heç bir transfer həyata keçirmədi...
- Deməli, buna ehtiyac yox idi. “Xəzər Lənkəran”la “Bakı”dan başqa digər liderlər də xüsusi güclənməyə ehtiyac duymadı. Əgər heyət yaxşıdırsa, heç nəyi dəyişməyə ehtiyac yoxdur. Transfer xatirinə oyunçu gətirmək lazım deyil. Əgər hər şey yaxşıdısa, buna nə ehtiyac var?

- Ehtiyat oyunçular skamyanızın qısa olduğunu düşünmürsüz?
- Komandamızda kifayət qədər futbolçu var. Özü də onların çoxu gənclərdi. Əgər gənclərə daha çox şans verilsə, oyunçularımızın sayı daha da çox olar. Mən klubun siyasətini düzgün hesab edirəm.

- “Qarabağ” yaxınlarda həmyerliniz Müarəm Müarəmi sıralarında qatdı. Sizin bu transferə münasibətiniz maraq doğurur...
- Yaxşı oyunçudur. Ağdamlılar keyfiyyətli transfer etdilər. O, komandanı ciddi şəkildə gücləndirəcək. Müarəmin oyun səviyyəsi “Qarabağ”ınkı ilə üst-üstə düşür. “Neftçi”yə indi “Qarabağ”a qarşı oynamaq daha çətin olacaq. Amma birinci oyunu biz udacağıq.


Xəbər 1064 dəfə oxundu.