Mariya Stadnik və Şərif Şərifov dünyanın ən yaxşı güləşçiləri seçildi
Beynəlxalq Güləş Federasiyası ötən ilin ən yaxşı güləşçilərinin adlarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Sərbəst güləşçimiz Şərif Şərifov (84 kq) və qadın güləşi üzrə millimizin lideri Mariya Stadnik (48 kq) ən yaxşılar sırasına düşüblər.

2010-cu ildə təşkil olunan gənclər arasında Avropa birinciliyində verilən qərarla, il ərzində iştirak etdiyi olimpiya oyunları, dünya və Avropa çempionatları, Qızıl qran-pri yarışlarındakı nəticələrinə əsasən, ilin ən yaxşılarını seçməyə başlayan FİLA, artıq 2011-ci ilin də qaliblərini müəyyənləşdirib.

Sərbəst üsulla güləşənlər arasında topladığı xallara əsasən Şərif Şərifov (84 kq) ən yaxşı adını qazanıb. Türkiyədə təşkil olunmuş dünya çempionatının qalibi 21 xal toplayıb ki, bu da birincilik üçün yetərli olub. Şərifov 2011-ci ildə həm də Avropa üçüncülüyünü qazanıb.

Qadınlar arasında da Azərbaycan təmsilçisi “ən yaxşı” adına sahib çıxıb. 2011-ci ildə ölkəmizə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş qazandıran Mariya Stadnik (48 kq) 22 xal toplayıb.
Yunan-Roma güləşi üzrə isə türkiyəli Rıza Qayaalp (120 kq) fərqlənib. 2011-ci ildə Avropa ikincisi, doğma vətənində keçirilən dünya çempionatında isə çempion olan pəhləvan, yekunda 22 xal toplayıb.

Xəbər 1120 dəfə oxundu.