Xüsusi Olimpiya Komitəsi ilin yekunları ilə bağlı tədbir keçirib
Dekabrın 28-də Xüsusi Olimpiya Komitəsinin (XOK) 2014-2015-ci illərdə fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən komitə prezidenti Şahin Əliyev ötən illərdə Azərbaycan idmanının inkişafı istiqamətində görülən mühüm işlərdən danışıb, bu sahədə böyük uğurlar əldə edildiyini qeyd edib. XOK-nın bu sahədə fəaliyyəti barədə geniş məlumat verən Ş. Əliyev, ötən illər ərzində əqli imkanları məhdud olan uşaqların bədən tərbiyəsi və idmana cəlb edilməsi üçün görülən işlərin genişləndiyini bildirib. Vurğulayıb ki, 11 idman növü - atletika, badminton, basketbol, futbol, həndbol, voleybol, cüdo, pauerliftinq, stolüstü tennis, üzgüçülük, döşəmə üzərində hokkey üzrə yay və payız mövsümlərində seçmə xarakterli yarışlarda, eləcə də özəl günlərdə, o cümlədən Beynəlxalq Əlillər Gününə həsr edilmiş turnirlərdə yüzlərlə uşaq qüvvəsini sınayır.

Yarışlarda Bakı-Abşeron, Gəncə, Sumqayıt, Şəki, Quba, Lənkəran, Göyçay və Salyan regionlarından yardımçı, xüsusi məktəb, internat, uşaq evlərinin şagirdləri, məzunları və ailələrdən olan yüzlərlə idmançının öz komandalarının tərkibində mübarizə apardıqlarını bildirib.

Ş. Əliyev son iki ildə həyata keçirilən layihələrdən də söhbət açıb: “Ailə proqramı layihəsi, mütəmadi olaraq, davam edir. Əqli imkanları məhdud uşaqların əksəriyyəti ailələrdə yaşayır və onları bu yolla idmana cəlb etmək səmərə verir. UNİFİED – birləşmiş idman layihəsi əsas istiqamətlərdən biri kimi götürülüb. Burada əqli imkanları məhdud uşaqlar sağlam idmançılarla komanda şəklində mübarizə aparırlar. Məqsəd onların bərpası və cəmiyyətə daha sürətlə inteqrasiyasıdır.

Yoing atlet – uşaq atletlər layihəsi də davamlı xarakter daşıyır. 3-7 və 8-12 yaşlılardan ibarət qrupları birləşdirən bu layihə vasitəsilə həm də ehtiyat idmançılar hazırlanır. Kişik yaşlılardan ibarət qrupda, əsasən, mütəhərrik oyunlara üstünlük verilir. Uşaqlar “Şən startlar” və digər oyunlarda həvəslə iştirak edirlər. Böyük yaşlı uşaq-atletlər isə futbol, badminton, stolüstü tennis, üzgüçülük, atletika və digər növlər üzrə ilboyu təlim-məşqlərə cəlb olunur, yarışlarda iştirak edirlər. Uşaq-atletlər gələcəkdə XOK-nın tərkibində ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər”.

Tədbirdə xüsusi olimpiyaçıların ötən illər ərzində qazandıqları nailiyyətlərdən də bəhs edilib. Şahin Əliyev deyib: “2014-cü ilin sentyabrında Belçikanın Antverp şəhərində Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən ibarət komandamız atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük üzrə 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar. 2015-ci ildə də böyük uğurlar əldə edilib. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində iyulun 21-dən avqustun 3-nə qədər davam edən ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında atletika, üzgüçülük, stolüstü tennis, badminton, cüdo, pauerliftinq üzrə mübarizə aparmış atletlərimiz, ümumilikdə, 24 medal - 8 qızıl, 11 gümüş və 5 bürünc medal əldə ediblər”.

Şahin Əliyev bədən tərbiyəsi və idman vasitəsilə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafına nail olmaq üçün görüləcək işlərdən, həyata keçiriləcək tədbirlərdən danışıb.

Xəbər 845 dəfə oxundu.