Svetlana İliç: “Azərreyl”in qarşısında zəif idik
“Rəqibimizin səviyyəsi bizdən üstündür. Onlar bu gün də nəyə qadir olduqlarını nümayiş etdirdilər. Mənim bunun üçün “Azərreyl”ə paxıllığım tutur”. İdman.com.az saytının məlumatına görə, bunu “Volero” (İsveçrə) voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.

O, qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində dünən “Azərreyl” qarşı keçirmiş cavab oyunu barədə fikrini açıqlayıb. İliç 0:3 hesabı ilə uduzduqları görüşdə komandasının zəif təsir bağışladığını bildirib: “Rəqibimiz hər 2 oyunda güclü olduğunu sübut etdi. Komandamın oyunu bu dəfə demək olar ki, alınmadı. Bu da özünü hesabda göstərdi. “Azərreyl”ə növbəti mərhələdə uğurlar arzulayıram”.

Təcrübəli mütəxəssis 1/4 finalda da “Azərreyl”in inamlı oyununa ümid bəsləyir. Belə ki, “dəmiryolçular” növbəti mərhələdə çox güman Kazan “Dinamo”su ilə qarşılaşacaq. İlk matçda səfərdə “Dresdner”ə qalib gələn rusların evdə bu üstünlüyü əldən verəcəkləri inandırıcı deyil. İliç də məhz 1/4 finalda “Azərreyl”in “Dinamo” ilə qarşılaşacağını və bu klubların səviyyəsinin bərabər olduğunu deyib: “Hər 2 komanda eyni gücdədir. Bundan sonrakı mərhələlərdə komandalar hamısı səviyyəlidir. “Azərreyl” rusiyalılara qarşı bu günki oyununu göstərərsə, “dördlər finalı”na yüksələ biləcək”.
Qeyd edək ki, “Azərreyl” ilk oyunda 3:1 hesabı ilə qələbə qazanmışdı.

Xəbər 1091 dəfə oxundu.