«Hitrou» yeni rekorda hazırlaşır
London olimpiadası yaxınlaşdıqca, oyunları izləmək üçün səfər edənlər barədə məlumatlar daha çox gündəmə gəlməyə başlayıb. İdman.com.az saytı xəbər verir ki, yarışların ən böyük gəlir mənbəyi məhz turistin sayı və cibidir. Bu barədə bəzi ehtiyatlı məlumatlar yayılsa da, dünyanın ən iri hava limanlarından olan «Hitrou» tarixinin yeni rekordunu vurmağa hazırlaşır.

Məlumata görə, Oyunların açılış mərasiminin keçiriləcəyi gün ərəfəsi, yəni iyulun 26-da bu aeroportun qəbul edəcəyi sərnişinlərin sayı əvvəlki rekord həddi 10 faiz üstələyəcək.

«Hitrou» tarixinin rekordsərnişin sayı ötən ilin məhz iyulunda qeydə alınıb. Sərnişin sayı əvvəlkindən 2,5 faiz artıq olaraq, 6,9 milyon həddini aşıb. Bunun nə demək olduğunu təsəvvür etmək üçün rəqəmi paytaxtımızın sakinlərini sayı ilə müqayisə etmək də kifayət edər. İyulun 31-i isə ən çox sərnişinin «Hitrou» limanında yerə endiyi gündür.
Xatırladaq ki, London Oyunları iyulun 27-dən avqustun 12-dək keçiriləcək.

Xəbər 1024 dəfə oxundu.