Fikrət Hüseynov Klublar Komitəsinin sədri seçilib
Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda Topaz Premyer Liqasında mübarizə aparan “Xəzər Lənkəran”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə” və AZAL klublarının nümayəndələri, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov iştirak ediblər.

İclasın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsindən sonra sədr Tuyqun Nadirov komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Xəbər 817 dəfə oxundu.