“Qəbələ” klubu braziliyalı futbolçusu ilə müqavilə müddətini artırıb
“Qəbələ” braziliyalı futbolçusu Rafael Santos ilə müqavilə müddətini artırıb.

Yeni anlaşma il yarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayınadək “qırmızı-qara” forma geyinəcək.

2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandanın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.

Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. İyirmi yeddi yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandanın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.

Xəbər 701 dəfə oxundu.