“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq
“Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərini dekabrın 19-dan etibarən satışa çıxaracaq. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. Bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək və “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək.

Bu barədə “Formula-1” Avropa Qran-pri yarışları ilə əlaqədar dekabrın 18-də keçirilən mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Formula-1” Avropa Qran-pri yarışları barədə təəssüratlarını bölüşərək deyib: “Bu, dünyanın ən böyük idman turnirlərindən olan “Formula-1”in Bakıya gəlişi prosesində ən vacib addımlardan biridir. Əminəm ki, yarış yüksək səviyyədə keçiriləcək. İdmansevərləri Bakıdakı Avropa Qran-pri yarışlarına baxmağa səsləyirəm”.

Mətbuat konfransından sonra “Bakı Şəhər Halqası” şirkətinin kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.

Xəbər 715 dəfə oxundu.