Xətai rayonunda yeni idman mərkəzi istifadəyə verilib
Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan artıq mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən ölkə kimi tanınır.

Bu sözləri Xətai rayonunda yeni idman mərkəzinin istifadəyə verilməsi mərasimində Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Bunun üçün cari ildə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarını və gələn il təşkil ediləcək “Formula–1” Avropa Qran-pri yarışlarını qeyd etmək kifayətdir. Yeni mərkəzin rayon gənclərinin idmana cəlb olunmasına təkan verəcəyini vurğulayan F.Muradov bu qəbildən işlərin gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Deputatlar - Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev də çıxışlarında gənclərin fiziki sağlamlığının qorunmasında, onların idmana marağının artırılmasında, habelə ölkə idmanının inkişafında belə mərkəzlərin əhəmiyyətini qeyd ediblər.

Xəbər 1808 dəfə oxundu.