“Yalnız Ukraynadan yox, Azərbaycandan da üzr istəmək lazımdır”
Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində xoşagəlməz hadisə baş verib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, turnirin təşkilatçısı olan Xorvatiya yığmasının üzvləri Ukrayna ilə oyundan öncə UEFA-nın nəzərdə tutduğu mərasimdə nümayişkarcasına rəqibin əllərini sıxmaqdan imtina edib, aldıqları milli rəmzlərlə bağlı atributları isə zibil qabına atıblar. Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk xorvatların bu hərəkətləri ilə təkcə onlara və UEFA-ya yox, Splitdəki arenanın tribunalarını dolduran azarkeşlərə də hörmətsizlik etdiyini bildirib.

Təşkilatçıların belə davranışı isə səbəbsiz deyil və Azərbaycana da bağlılığı var. Belə ki, Xorvatiya ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələ oyununda Ukrayna və Azərbaycanla bir qrupda yer almış, sonda 3-cü olaraq pley-offa çıxa bilməmişdi. Onlar millimizin ukraynalılara 4:2 hesabı ilə qalib gəldiyi oyunun nəticəsinin danışılmış olduğunu iddia edirdilər.

1/4 finaldan öncə yerli mətbuat Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviçin fikirlərinə geniş yer verib. O, Ukraynanı Azərbaycanla danışılmış oyun keçirməkdə aşkar ittiham edib. Bu mövzunu oyundan sonra mətbuat konfransında yerli jurnalistlər də dəstəkləyiblər. Lisençuk rəqib çalışdırıcının hərəkətini düzgün saymır: “Mənə elə gəlir ki, xorvat həmkarıma dünya çempionatının seçmə mərhələsində uğursuzluğu hansısa sövdələşmə ilə izah etmək çox rahatdır. Xorvatiya yığması Bakıda Azərbaycanı yenib, bütün komponentlərdə bizə uduzdu. Azərbaycan isə turnir vəzifəsini həll edən Ukrayna ilə oyunda həqiqətən güclü idi. Üstəlik, onlara yerli publika qarşısına reabilitasiya etmək lazım idi. Yəqin ki, komanda ilə tribuna arasında əlaqənin nə qədər vacib olmağını xorvatların özü indi Avropa çempionatı vaxtı yaxşı hiss edir. Onlar bizi ittiham edərkən, müxtəlif mənbələrə istinad edirlər”.

Ukraynalı mütəxəssis xorvatlara məsləhətlərini verib: “Mən də öz növbəmdə onlara məsləhət görərdim ki, öz arqumentləri ilə məhkəmə orqanlarına müraciət etsinlər. UEFA indi danışılmış oyunlarla bağlı qətiyyətli müharibə elan edib. Ona görə də belə material varsa, həqiqətən qiymətsiz olacaq. Əgər sübut yoxdursa, öz sözlərinə görə cavab vermək lazımdır. Ən azı yalnız Ukraynadan yox, Azərbaycandan da üzr istəmək lazımdır. Maksimum böhtana görə cavab vermək lazımdır”.
Qeyd edək ki, Xorvatiya millisi 1/4 finalda Ukrayna futzalçılarına oyun sonrası penaltilərlə qalib gəlib.

Xəbər 1116 dəfə oxundu.