Yığma pley-offa liderlərdən biri kimi gedir
Azərbaycan milli futzal komandası “ikinci nəfəs” qazanmağa başlayıb. Silsilə uğurlardan sonra bir müddət keçid dövrü durğunluğu yaşayan komanda, indi fərqli taktiki düşüncə, strateji yanaşma ilə meydançaya çıxmağa başlayıb. O bunun bəhrəsini dünya kuboku uğrunda mübarizənin Xorvatiyada keçirilən əsas mərhələsində dərdi. Doğrudur, heyətdəki dəyişikliklər və yeniləşmə ab-havasının gətirdiyi həvəsi iti oyun tərzinə çevirmək üçün qarşıda hələ çox iş görülməlidir. Lakin uğurlu başlanğıc varsa, onun davamını həmin ruhla inkişaf etdirmək olar.

Osiyekin «Qradski vrt» arenasında dekabrın 10-da ilk görüşünə çıxan kollektiv, İsveç millisinə aman vermədən, 10 dəqiqə ərzində qaliblə bağlı məsələyə aydınlıq gətirdi. Borisov hesabı açdıqdan sonra Auquştu və Amadeu 10 dəqiqənin tamamında onu 3 top fərqinə çatdırdılar. Borisov dubla imza atdıqdan sonra De Arauxo Eduardu het-triklə hesabı darmadağın həddinə çatdırdı. Yekunda 8:2 hesabı ilə qalib gələn Azərbaycan yığması azarkeşlərini ümidləndirdi. Maraqlıdır ki, həmin gün ev sahibi Belarus yığmasına 4:7 hesabı ilə uduzdu və bununla da komandamıza daha bir şans vermiş oldu.

Futzalçılar bunu ertəsi gün Belarus komandasını darmadağın etməklə təsdiqlədilər. Doğrudur, hesabı 4-cü dəqiqədə Auquştu açsa da, 15-ci dəqiqədə tarazlıq bərpa olundu. Lakin fasiləyə qədər artıq qaliblə bağlı suallar həllini tapdı. Həmin vaxta qədər Eduardunun dublu (daha sonra daha bir qolla het-trik müəllifi oldu) və Vitali Borisovun qolu həlledici oldu. Komanda əvvəlki illərdən fərqli olaraq, ikinci hissədə daha taktiki dolğun və etibarlı oyunla De Arauxo və Çovdarovun qolları ilə yekun nöqtəni qoydu – 7:2. Bu oyun günü xorvatlar İsveçə 5:1 hesabı ilə qalib gəlsələr də, aydın oldu ki, komandamıza son turda heç-heçə də yetərlidir.

Dekabrın 13-də xorvatlarla oyunda Çuykov 5-ci dəqiqədə komandamızı hesabda irəli çıxardıqdan sonra, uzun müddət nə bu, nə də digər tərəf fərqlənə bilmədi. Hər şey ev sahibləri 24-cü dəqiqədə hesabı bərabərləşdirəndə başladı. Amadeu və Borisov bir dəqiqə içində arenaya toplaşmış azarkeşləri sükuta qərq etsələr də, xorvatlar 5 dəqiqə ərzində tarazlığı yenidən bərpa etdilər. Son dəqiqələrdə yenə tərəflər hərəyə bir qol vurdular – Borisovun qoluna bir dəqiqə sonra cavab verildi – 4:4. Digər matçda İsveç və Belarus heç-heçə etdikləri üçün (2:2), şəxsi görüşlərdəki qələbəyə görə Xorvatiyadan yuxarı pillədə yer alıb.

Qeyd edək ki, yarış 7 qrupda keçirilir. 1-ci və 2-ci yerlərin sahibləri bu raundda «evdə-səfərdə» prinsipi ilə üz-üztə gələcəklər. Qaliblər ikinci yerlərin sahibləri ilə cütük yaradacaqlar. Martın 22-də və aprelin 12-də keçiriləcək matçlarda dünya çempionatının Avropadan 7 iştirakçısının adı məlum olacaq. Püşkatma mərasimi fevralın 12-də Serbiya paytaxtı Belqradda keçiriləcək. Qruplarda ölkəmizlə yanaşı, Ukrayna, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya və İtaliya qalib gəliblər. Komandamızın rəqibləri sırasında Macarıstan, Serbiya, Niderland, Sloveniya, Polşa və Slovakiya yer alırlar.

Final mərhələsi gələn il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək.

Xəbər 791 dəfə oxundu.