Bu gün Fuad Cəfərov memorialında daha iki turnirin qalibləri müəyyənləşəcək
Respublika Şahmat Mərkəzinin ilk direktoru, tanınmış məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat festivalı davam edir.

Respublika Şahmat Mərkəzində keçirilən festivalda dekabrın 12-də blits və açıq turnirlərin qalibləri müəyyənləşəcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən blits turnirində 35 idmançı mübarizə aparır. Yarışda Azərbaycan şahmatçıları ilə yanaşı, Gürcüstan qrossmeysterləri də iştirak edirlər. Reytinqə görə, ilk beşlikdə qrossmeysterlər Eltac Səfərli, Ülvi Bacarani, Davit Benidze, Nicat Abasov və Mixeil Kekelidze qərarlaşıblar.

Festivalda 71 şahmatçının iştirak etdiyi açıq turnirdə yeddinci turun oyunlarına start verilib. Altı turdan sonra turnir cədvəlində dörd zəka sahibi liderlik edir. Zaur Bayramov, Şəhriyar İsgəndərov, Samir Davidov və Elvin Bayramov hərəyə 5 xal toplayıblar. Yeddi şahmatçının aktivində isə 4,5 xal var.

Xəbər 685 dəfə oxundu.