Avarçəkənlərimiz lisenziya sayını artıra biləcəklərmi?
Bu il kayak və kanoeçilərimiz, eləcə də akademik avarçəkənlərimiz London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha bir yarışda çıxış edəcəklər. İdman.com.az saytının xəbərinə görə, əvvəlcə kayak və kanoeçilərimiz mübarizəyə qatılacaqlar.
Onlar 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa olimpiya təsnifatında (European Olympic Qualifier) qüvvələrini sınayacaqlar. 20 – 23 mayda isə akademik avarçəkənlərimiz İsveçrənin Lütsern şəhərində təşkil olunacaq Son olimpiya təsnifat reqatasında (Final Olympic Qualification Regatta) yarışacaqlar.

Ümumiyyətlə, London olimpiadasında akademik avarçəkmə növündə 14 dəst medal sahibini tapacaq. Onlardan 8-i kişilərə, 6-sı isə qadınlara veriləcək. İlk lisenziya yarışı 2011-ci il avqustun 28-dən sentyabrın 4-dək Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda Azərbaycan avarçəkənlərindən Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1-nəfərlik qayıqla yürüşlərdə olimpiadaya lisenziyaya sahib çıxıb. Bu isə o deməkdir ki, son təsnifat reqatasında ölkəmiz daha 12 qayıq tipində lisenziya uğrunda mübarizə apara bilər.

Akademik avarçəkənlərimizdən kişilər 2-nəfərlik təkavarlı sükansız, 2-nəfərlik qoşa, 2-nəfərlik yüngül çəkili qoşa, 4-nəfərlik təkavarlı sükansız, 4-nəfərlik qoşa avarlı sükansız, 4-nəfərlik yüngül çəkili qoşa avarlı sükansız və 8-nəfərlik qoşa avarlı, qadınlar isə 2-nəfərlik təkavarlı sükansız, 2-nəfərlik qoşa avarlı, 2-nəfərlik yüngül çəkili qoşa avarlı, 4-nəfərlik qoşa avarlı sükansız və 8-nəfərlik qoşa avarlı qayıqlarda çıxış etmək imkanına malikdirlər. Onların hamısı 2000 metr məsafəyə yürüş edəcəklər. Olimpiadaya lisenziya əldə etmək üçün kişilərdən 2 nəfərlik və 4 nəfərlik qayıqlarla çıxış edənlər ilk 2 yerdən birini tutmalı, 8X tipli qayıq qalib olmalıdır.
Qadınlara gəldikdə, W4X tipli qayıq qalib olmalı, qalanları ilk 2 yerdən birini tutmalıdırlar.

Kayak və kanoedə isə 12 dəst olimpiya medalı uğrunda mübarizə gedəcək. Bunlardan 9-u kayakçıların (5-i kişi, 4-ü qadın) payına düşür. Kişi kayakçılar 1-nəfərlik və 2-nəfərlik qayıqla 200 metr və 1000 metr məsafələrə, 4-nəfərlik qayıqla isə 1000 metr məsafəyə yürüş edəcəklər. Qadın kayakçılar 1-nəfərlik qayıqla 500 metr, 2 nəfərlik qayıqla 200 metr və 500 metr, 4-nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayacaqlar.

Kanoeçilərin mübarizəsində yalnız kişilər 3 dəst medal uğrunda yarışacaqlar. Onlar 200 metr məsafəyə 1-nəfərlik, 1000 metr məsafəyə 1-nəfərlik və 2-nəfərlik qayıqla yürüş edəcəklər. Kayak və kanoe üzrə ilk lisenziya yarışı ötən il 18 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda yalnız kanoeçilərimiz lisenziyaya sahib olublar. Valentin Demyanenko C-1 tipli qayıqla 200 metr, Sergey Bezuqlı – Maksim Prokopenko dueti C-2 tipli qayıqla 1000 metr məsafəyə yürüşdə olimpiya vəsiqəsi əldə edib.

Bu isə o deməkdir ki, qarşıdakı təsnifat turnirində kayakçılarımız 9 tipli qayığın hamısında, kanoeçimiz yalnız C-1 tipli qayıqla 1000 metr məsafəyə yürüşlərə qatıla bilər. Bu zaman K-4 tipli qayıqlar istisna olmaqla, qalan yürüşlərdə ilk 2 pillədən birini tutmaq lazımdır.

Beləliklə, London Yay Olimpiya Oyunlarında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında üst-üstə 26 dəst medal sahibini tapacaq. Hələlik Azərbaycan avarçəkənləri olimpiadaya 4 lisenziya qazanmaqla, elə 4 dəst medala iddiasını ortaya qoyub. Ölkəmizin qalan 22 lisenziyadan neçəsi uğrunda mübarizə aparmaq istəyinə isə yaxın vaxtlarda aydınlıq gələcək.


Xəbər 1105 dəfə oxundu.