Topaz Premyer Liqası, “Kəpəz” – “Rəvan” görüşündə hesab açılmadı
Topaz Premyer Liqasının XVI turunun açılış oyunu Gəncədə keçirildi. “Kəpəz” – “Rəvan” görüşündə hesab açılmadı.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.

Xəbər 852 dəfə oxundu.