U-15 liqasında XV turun oyunları keçirilib
AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında XV turun oyunları keçirilib. “Neftçi” PFK-nın U-15 komandası “Turan” İB klubunu qəbul edib. Oyundan əvvəl “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və futbolçular meydana qara sarğıda çıxıblar. “Dalğa Arena” stadionunun ikinci meydançasında baş tutmuş görüş komandamızın 6:0 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”nin heyətində Nicat Musayev və Orxan Fərəcov “dubl”a imza atıblar. Digər qolları Turan Əhmədov ilə Valeh Qəhrəmanlı vurublar.

Qeyd edək ki, ardıcıl 9 oyundur qələbə qazanan “Neftçi” son 5 görüşdə qapısından qol buraxmayıb. “Turan” İB klubu ilə oyundan sonra komandamızın baş məşqçisi Arslan Quliyev və hücumçu Nicat Musayev fikirlərini Neftçi TV-yə bildiriblər.

Arslan Quliyev: “Komandamdan razıyam. Uşaqlar verilən tapşırıları yerinə yetirdilər. Düzdür, çatışmazlıqlarımız var, onların üzərində işləyib aradan qaldıracağıq. Futbolçular çalışırlar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Məşqçinin texniki, taktiki baxımdan öyrətdiklərini yerinə yetirəndə qələbə də gəlir. Əsas məqsədlərimizdən biri futbolçuların texniki cəhətdən yaxşı səviyyədə olmalarıdır. Oyunqabağı məşqlərdə hücumçularla ayrıca işləyirik, qol vurmağın texnikalarını öyrədirik. Çalışırıq əsas komandanın oyun üslubuna uyğun taktiki mövzuları işləyək ki, gələcəkdə yetirmələrimizi əsas komandaya verə bilək”.

Nicat Musayev: “Əvvəlkilərə baxanda bu oyun elə də çətin keçmədi. Çalışırdıq daha çox top saxlayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. Qələbə münasibətilə bütün komandanı təbrik edirəm. Uğurlarımızda baş məşqçinin rolu böyükdür. Çünki komandanı o qurur, bizə düzgün futbol öyrədir ki, əsas da budur”.

Xəbər 679 dəfə oxundu.