““Qarabağ” olduqca texnikalı və baxımlı futbol oynayır”
Ağdamın “Qarabağ” klubu qış fasiləsi müddətində 3-cü futbolçu transferini rəsmiləşdirib. İdman.com.az saytının məlumatına görə, klub rəhbərliyi Vaqif Cavadov və Eltun Yaqublunun ardından Makedoniya milli komandasının pleymeykeri Müarəm Müarəmin keçidini həyata keçirib. “Rabotniçki” klubundan alınan 24 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılıb.

Türk əsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Müarem müqavilə imzaladıqdan sonra Ağdam klubunun rəsmi saytına deyib:

“Belə böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Bilirəm ki, “Qarabağ” Azərbaycanın ən böyük komandalarından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Komandanın Avropa Liqasında uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə “Qarabağ” Avroliqada “Metallurq”la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm”.

Makedoniyalı futbolçu “Qarabağ”dakı əsas hədəfinin çempionluq olduğunu açıqlayıb: “Bilirəm ki, uzun müddətdir çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldür. “Orduspor” da uzun müddət Türkiyə Superliqasına həsrət qalmışdı. Bu sindroma son qoya bildik. “Qarabağ”ın futbolçularından Nderim Nedzipi və Boyan Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi, yüksək səviyyəli komandamız var. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Azarkeşlərimiz bilsin ki, meydanda “Qarabağ”ın qazanması üçün çalışan Müarəm görəcəklər”.

Xəbər 1046 dəfə oxundu.