“Əsas odur ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək” - MÜSAHİBƏ
5-ci çağırış Parlament seçkilərində dövlət ali təhsil müəssisələrinin rektorları qalib gələcəkləri təqdirdə rektor vəzifəsindən imtina etməli, ya da, deputatlığa namizədliklərini verməməli idilər. Bu səbəbdən də, bəzi rektorlar dövlətimizə, xalqımıza hansı sahədə daha çox fayda verə biləcəklərini götür-qoy etmiş və qərar qəbul etmişlər. Noyabrın 1-də keçirilən seçkilərdə Milli Məclisə deputat seçildiyinə görə, Ağacan Abiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Buna baxmayaraq, Ağacan müəllim Azərbaycan İdman İctimaiyyətinin təcrübəli nümayəndəsi olaraq, həm MOK-da, həm də Federasiyada idmanın inkişafı yolunda fəaliyyətini davam etdirəcək.

“Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazılacaq 2015-ci il son akkordlarını vurur. Müstəqillik dövrümüzün daha bir möhtəşəm ilini qürurla yola salırıq. Bütün sahələrdə qazandığımız nailiyyətlər bizi şərəfləndirdi, dünyada şöhrətimizi daha da artırdı”, - bu sözləri “İdman” qəzetinə müsahibəsində Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev dedi.

- Ağacan müəllim, Sizi yenidən millət vəkili seçilməyiniz və Milli Məclisin nizam-intizam komissiyasının sədri vəzifəsinə layiq görülməyiniz münasibətilə təbrik edirik.

- Çox sağ olun!

- Ağacan müəllim, 28 ili əhatə edən bir dövrdə Bədən Tərbiyəsi və İdman Akademiyasında ərsəyə gəlmiş yüzlərlə elmi işçi, mütəxəssis, məşqçi, müəllim və idmançı bu sahənin inkişafına verilən əvəzsiz töhfələrdir. Milli Olimpiya Komitəsinin baş katibi kimi, ölkəmizdə Olimpiya hərəkatının inkişafında xüsusi rolunuz var. Ötən dövrdə, həm də millət vəkili kimi xalqın etimadını doğrultmaq üçün yorulmadan çalışmısınız.

- Dövlətimizin inkişafı, günü-gündən qüdrətlənməsi naminə gördüyümüz işlər öz bəhrəsini vermişdir. Hər bir azərbaycanlı kimi, Vətənimizin bugünkü yüksəlişindən qürur hissi duyuram. Hansı sahədə fəaliyyətimizdən asılı olmayaraq əsası odur ki, vətəndaşlıq borcumuzu yerinə yetirək. Çalışmışam ki, bir işim digərinə mane olmasın. ADBTİA idman sahəsində respublikamızda fəaliyyət göstərən yeganə ali təhsi ocağıdır. İdman sahəsinin inkişafında onun böyük rolu var. Akademiyanın məzunlarının sorağı dünyanın hər tərəfindən eşidilir. Onlar Azərbaycanın idman şöhrətini bütün dünyaya yayırlar. Bundan sonra rektor kimi fəaliyyət göstərməsəm də, ömrümün sonuna qədər bu təhsil ocağının daha yüksək zirvələr fəth etməsi üçün əlimdən gələni edəcəyəm. Milli Olimpiya Komitəsinin baş katibi, kimi daha güclü idmançı nəsli yetişməsi üçün üzərimə düşən məsuliyyət böyükdür. İdmançılarımız əldə edilən nailiyyətlərlə kifayətlənməməli, yeni zirvələr fəth etmək üçün çalışmalıdırlar.

- Siz həm də Boks Federasiyasının birinci vitse-prezidenti kimi, bu sahəyə uzun müddətdir ki, töhfələr verirsiniz. 2015-ci ili boksçularımız üçün necə xarakterizə edərdiniz?

- Bu ilin ən böyük idman hadisəsi olan Birinci Avropa Oyunlarında boksçularımız 6 qızıl, 1gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında birinci yerə layiq görüldülər. Bu böyük nailiyyətdir. Bu uğur Azərbaycan dövlətinin idmana göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Bildiyiniz kimi, müxtəlif növlərdə təmsilçilərimiz qitənin ilk Oyunlarında böyük uğurlara imza atdılar. Dəri əlcək ustalarından, eləcə də bütün idmançılarımızdan bundan sonra da böyük nailiyyətlər gözləyirik.

2015-ci ilin son günlərini yola salırıq. Bu il Azərbaycan xalqı üçün necə yadda qaldı?


- Paytaxt Bakı və regionlarda başa çatmaqda olan il üçün nəzərdə tutulan iri layihələr həyata keçirilib və bu iş uğurla davam edir. Bütün sahələrlə yanaşı, idmanda da böyük işlər görülüb. 2015-ci ildə birinci Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində keçirmək, ölkəmizin inkişaf tempinin bariz nümunəsi idi. Dünya, qocaman qitəmiz ölkəmizin yenilməz gücünün bir daha şahidi oldu. Oyunların keçirildiyi müddətdə minlərlə avropalı, digər qitələrdən oyunları izləməyə gəlmiş qonaqlar ölkəmizdə görülən genişmiqyaslı quruculuq işlərinin şahidi oldular. Digər mötəbər tədbirlər kimi, müxtəlif profilli idman növlərini təmsil edən bu cür möhtəşən idman oyunlarını keçirmək respublikamızın nüfuzunu daha da artırdı. Azərbaycan bununla nəinki müstəqilliyimizə, həmçinin Avropanın inkişafına möhtəşəm tarix yazdı.
Müxtəlif sahələrdə yüksək səviyyədə keçirilmiş digər dünya və qitə səviyyəli mötəbər tədbirlər Azərbaycanı dünyanın yüksək sürətlə inkişaf edən dövlətlərindən biri kimi xarkterizə etdi.

- Yeni ilin astanasındayıq. Yəqin, xalqımızı bu münasibətlə təbrik etmək istəyirsiniz...


- 2016-cı ildə də yeni uğurlar əldə edilməsi üçün ötən illər ərzində böyük işlər görülüb. Gələn il 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq görüləcək. Dünyəvi dəyərlərə böyük sayğı göstərən Azərbaycan İslam həmrəyliyinə də parlaq töhfələrini verir. 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları müsəlman dünyasınında dini dəyərlərin, islam həmrəyliyinin inkişafına daha bir qiymətli töhfə kimi dəyərləndirilməlidir.

Bildiyiniz kimi, Azərbaycan gələn il idman sahəsində bir sıra beynəlxalq tədbirlərlə yanaşı, Dünya Şahmat Olimpiadası, “Formula-1” kimi yarışlara da ev sahibliyi edəcək. Təbiidir ki, bütün bunlar ölkəmizin uğurlarının sayını daha da artıracaq. Azərbaycan xalqını 2016-cı ildə daha böyük uğurlar gözləyir. Bu uğurların əldə edilməsinə hər birimiz öz töhfələrimizi verməliyik.

Xalqımıza 2016-cı ildə də birlik və əmin-amanlıq arzulayıram!

Müsahibəni apardı: Leyla Qurbanova

Xəbər 1956 dəfə oxundu.