Nazim Babayev: “Vətənə olimpiya çempionu kimi qayıtmaq istəyirəm”
6 yaşı olanda Nazimin futbola çox həvəsi olub. Nənəsi və anası onun istəyinə həssas yanaşıb, futbol qrupuna yazılmasına icazə verirlər. Hərçənd fiziki cəhətdən zəif, üstəlik, yaşının az olması arzusunun reallaşmasına imkan vermir. Sağlam böyüməsi üçün 2003-cü ildən atletikaya yönəldilən Nazimin bu seçimində babası Hüseynin böyük rolu olur.

İlk məşqlərinə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda çıxır, 2006-cı ildən Respublika Olimpiya İdman Liseyində davam etdirir. Xəstələnərək məşqlərə bir il ara versə də, Nazimin atletə xas keyfiyyətlərini aydın görən müəllimi Ziyad Xəlfəyev ona yenidən məşqlərə başlamağı məsləhət görür. Beləliklə, o, 10 ildir Ziyad müəllimlə birlikdə – onun rəhbərliyi ilə, tövsiyələrinə, dəyərli məsləhətlərinə diqqətlə əməl edərək uğurlardan uğurlara addımlayır.

Onun uğurları da az deyil. Ən əsası, ümidvericidir və hər bir nailiyyəti Azərbaycan atletikası üçün bir sıçrayış, ümid şansıdır.2010-cu ildən üçtəkanla tullanma ilə məşğul olan atlet, 2012-ci ildə Rusiyanın Yakutsk şəhərində yeniyetmələrin Asiya Oyunlarındakı ilk yarışında gümüş medal qazanır. 2013-cü ildə Hollandiyanın Utrext şəhərində Yeniyetmələrin Avropa Olimpiya Festivalında 15.53 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Qafqaz kuboku və Avropa kuboku yarışlarında 3-cü yerə çıxan N.Babayev ruhdan düşmədən məşqlərinə ara vermir və daim yüksək nəticələr haqqında düşünür.

İlk yarış rekorduna Bakıda təşkil olunan Gənclərin Olimpiya təsnifatında 16.14 metr nəticə ilə imza atan atlet I Avropa Oyunlarında da yüksək səviyyədə hazırlıq nümayiş etdirir.

O, Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq, Vətənə olimpiya çempionu kimi qayıtmaq arzusundadır. Hərçənd bizim üçün istənilən əyarlı medala sahib olub, dövlət bayrağımızı dalğalandırması yetər ki, bu idman növündə ölkəmizə tarixi nailiyyət bəxş etmiş olsun. Deyir ki, Vətənə medalsız dönərsə, bu, yalnız səhlənkarlıq ucbatından ola bilər. Lisenziyanı 2015-ci il iyulun 20-də İsveçin Eskulstina şəhərində - yeniyetmələrin Avropa çempionatında, olimpiya normativlərini yerinə yetirərək qazanıb. Bu nailiyyəti ilə həm də, 18 yaşına çatmayan idmançılar arasında Şərqi almaniyalı Folker Meynin 1985-ci il avqustun 25-də 16.93 metr nəticə ilə müəyyən etdiyi 30 illik rekordu yeniləyərək, 17.04 metr həddinə çatdırıb.

18 yaşlı atlet həftənin 5 günü 3 saat idmanla məşğul olur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsi olan Nazimin arzusu Böyük Britaniya idmançısı Conatan Edivorsunun 1996-cı ildəki 18.29 metrlik

dünya rekordunu yeniləməkdir. Boş vaxtlarında kumiri hesab etdiyi fransalı atlet Teci Tanqonun yarışlarını internet vasitəsilə izləyir.

N.Babayev yarış zamanı hər hansı ehtiyatsızlıq, kiçik zədə əhval-ruhiyyəyə ciddi təsir edir və məşq ritmini aşağı salır- deyir.

Deməli, qarşıda usanmadan məşq etməklə yanaşı, iradəni möhkəmləndirmək, mətin və mübariz olmaq və arxayınlaşmamaq kimi vəzifələr də var. İstedadlı idmançı üçün bu, yalnız stimul rolu oynayacaq maneələrdir. Elə isə «İrəli və yalnız irəli!»


Aynurə PƏNAHQIZI

“İdman” qəzeti



Xəbər 990 dəfə oxundu.