Əsgər Abdullayev: Komanda hazır deyil
“Mən istefa verməmişdim, sadəcə, zəng gözləyirdim. Klub rəhbərliyi məni Tovuza dəvət etdi”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

“Göylər” hazırlığa bir müddət əvvəl start versə də, baş məşqçi məsələsi açıq qalırdı. Belə ki, yayda Musa Süleymanov tərəfindən kluba dəvətə edilən və baş məşqçi postunu tutan Abdullayev Bakıda olduğundan məşqləri Rasim Əliyev keçirdi. Hətta əvvəllər komandanın “sükanı arxasında” olmuş Əliyevin yenidən baş məşqçi təyin ediləcəyi gözlənilirdi.

Lakin sonradan fərqli qərar qəbul edən klub rəhbərliyi Əsgər Abdullayevi geri çağırdı. Artıq Tovuzda olan baş məşqçi komandasını ikitərəfli oyunda yoxlayıb: “İki məşq keçdik. Səhər fiziki hazırlıq üzərində çalışdıq. Axşam isə ikitərəfli oyun keçirdik. Bəzi futbolçuların durumuna baxmaq istəyirdim”.

Komandada problemlərin kifayət qədər çox olduğunu qeyd edən baş məşqçi vaxt azlığından şikayətlənib: “Məlum olan odur ki, komanda hazır deyil. İşimiz lap çoxdur. Qısa müddətdə toparlanmalıyıq. Əsas problem komandanın hazırlığı ilə bağlıdır. Məni narahat edən də budur. Bu da faktdır ki, qısa vaxt ərzində böyük işlər görmək mümkün deyil. Çalışacağıq ki, yaxşılığa doğru addım ataq”.

Heyətə yeni futbolçuların cəlb edilib-edilməyəcəyinə gəldikdə, Abdullayev düzgün seçimin vacib olduğunu deyib: “Hazırda axın var. Gərək elə seçim edək ki, “transfer pəncərəsi” bağlanana qədər onun oynamasına nail olaq”.

Yayda “Turan”a dəvət edilən və bir neçə oyunda meydana çıxan futbolçulardan bir neçəsi sonradan maaşlarını ala bilmədiklərinə görə, klubdan ayrılmışdılar. Baş məşqçi artıq onların geri döndüklərini qeyd edib: “Nadir Nəbiyev, Ayxan Abbasov, Aftandil Hacıyev kluba dönüblər. Fasilədən sonra onlar bizə kömək edəcəklər”.

Bu arada “Şəmkir” və “Tərəqqi”dən sonra “Turan”ın daha bir yoxlama oyunu keçirmək istəməsi, amma rəqib tapmaq baxımından problemlə üzləşdiyi məlum olub. Bəs görəsən, təcrübəli mütəxəssis Gürcüstandan hansısa komandanı dəvət etməyi düşünürmü? Abdullayev vaxt azlığı üzündən bunu mümkünsüz hesab edib: “Çempionatın başlamasına 3-4 gün qalıb. Bu vaxt ərzində rəqib tapıb, yoxlama oyunu keçirmək çox çətindir. Burda nəsə etməyə çalışacağıq. Məşq prosesində və ya ikitərəfli oyun keçirməklə bu boşluğu doldurmaqdan başqa yolumuz yoxdur. Özünüz də bilirsiniz ki, qalan müddət ərzində hər şeyi həll etmək çox çətindir. Amma vacib olan “Turan”ın ölkə çempiontındakı yerini qorumasıdır”.

Xəbər 1275 dəfə oxundu.