Çempionlar liqasında qələbə və məğlubiyyətlər
Noyabrın 25-də Voleybol Mərkəzində çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda «Lokomotiv» Almaniyanın «Ştuthart» komandasını qəbul edib. Oyun ilk dəqiqələrdən meydan sahiblərinin üstünlüyünü əks etdirib. İlk partiya onların 25:18 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə də vəziyyət dəyişilməz qalıb və bu dəfə də dəmiryolçular qələbəyə nail olublar- 25:17. Üçüncü set oyunun ümumi mənzərəsinə, komandaların oyun üslubuna heç bir yenilik gətirməyib. Bu dəfə də komandamız ilk dəqiqələrdən ələ aldığı üstünlüyü qələbəyə çevirə bilib– 25:18.
Turnir cədvəlində Kazanın «Dinamo» komandası 9 xalla liderdir . «Lokomotiv» 6 xalla ikinci pillədədir. Dinamoçular 3-cu turda Bakının «Azərreyl» komandasını qəbul edib və 3:0 hesabı ilə qalib gəliblər. «Azərreyl»in baş məşqçisi Bülənd Karsılıoğlu bu məğlubiyyət barədə fikrini bildirərək deyib ki, biz ilk setdə topun qəbulunda çoxlu səhvə yol verdik və bu da nəticədə özünü göstərdi. İkinci və üçüncü setdə isə vəziyyət bir qədər dəyişib və bu da hucumçulara ön xətdə daha yaxşı, sərbəst oynamaq imkanı versə də, həlledici anlarda vəziyyəti düzgün qiymətləndirə bilmədik.

Turun başqa bir oyununda «Telekom» səfərdə «Drezden»lə qarşılaşıb. İlk set ev sahiblərinin qələbəsi ilə başa çatıb – 25:16. İkinci setdə komandamız hesab üstünlüyünə malik olsa da, sonda 25:21 hesabı ilə məğlub olub.Üçüncü setdə rabitəçilər inadlı mübarizə nümayiş etdiriblər, amma istənilən nəticəyə nail olmayıblar və bu set də Almaniya komandasının qələbəsi ilə başa çatıb – 26:24.

Xəbər 818 dəfə oxundu.