Futbol yığması bir ili də yola verdi

Son əsas diqqətçəkən məqamlar

Azərbaycan milli komandası daha bir rəsmi yarışlar seriyasını təzadlarla yola verdi. Əlbəttə, baş məşqçi dəyişikliyindən sonra yeni ümiddən, hansısa irəliləyişdən, hətta cüzi baxış dəyşikliyindən və s. söhbət açmaq olar. Lakin rəsmi yarış mövsümünə ümumi nəzər salanda, komandanın bu mərhələdəki nəticələrini qənaətbəxş adlandırmaq olmaz. Avropa çempionatının final mərhələsinin iştirakçı sayının artırılması, az qala, hər yoldan ötənə də şans, ümid verir. Bir az təpər, bir az inad, bir az inam yetərdi ki, bu yarışda başı-ayağı işə salıb, daha yüksək nəticə əldə edəsən. Üstəlik, hazırkı rəhbərlik futbol taxt-tacına sahib olanda, məhz 2015-ci ili yüksəlişin başlanğıcı kimi vəd etmişdi. Yəni, komanda Avro-2016 seçmələrində layiqli rəqib olacaqdı. Belə olmadı, çünki assosiasiyada hərə öz işini görmək əvəzinə, «yola verdi» kampaniyaları, Foqtsa kor-koranə etimad göstərməklə, axırda kimi aldatdığını bilmədi, özü-özünə badalaq gəldi. Bir də o vaxt ayıldılar ki, it də gedib, ip də.

Prosineçki əvvəlkindən futbol mentaliteti ilə fərqlənir. Onun futbol zövqü və prioritetləri barədə çox söz deməyə ehtiyac yoxdur. Əsası, o, bugünkü komandamızın səviyyə və oyun tərzinə uyğun gələn mütəxəssisdir. Əlbəttə, qalan mövzular haqqında ilin yekunlarında, ya da gələn ilin ilk fürsət düşən məqamında danişacağıq. Hələliksə, bəzi məqamları və diqqətəlayiq statistik göstəriciləri son yoxlama matçdan da sezmək olar: Olimpiya stadionunda ilk qələbəsini qazanan yığmanın heyətində Ağabala Ramazanov ilk dəfə fərqlənib və buna nail olmuş 51-ci futbolçu olub; ən əsası, Rəhman Hacıyev, Pavel Paşayev, Aqil Məmmədov, Elşən Rzazadə, Ürfan Abbasov, Rəşad Eyyubov ilk dəfə ölkənin əsas milli komandasının heyətində çıxış etmək yürsəti əldə ediblər. Ümumən, Robert Prosineçkinin dövründə 8 qarşılaşmada 8 oyunçu – Namiq Ələsgərov, Eddi İsrafilov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Cavid Tağıyev, Elnur Cəfərov debüt ediblər.

BATI YAR

“İdman” qəzeti

Xəbər 731 dəfə oxundu.