Paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə ilə Vətənə dönüblər
Bu gecə paralimpiyaçı cüdoçularımız Portuqaliyadan Vətənə geri dönüblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov, Komitə nümayəndələri və çoxsaylı azarkeşlər coşqu ilə qarşılayıblar.

Komitədən bildirilib ki, Portuqaliyanın Odivellas şəhərində keçirilən və 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə əldə ediblər.100+ kq çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı, komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıblar. Bunlardan 100+ kq çəki dərəcəsində ilham Zəkiyev qızıl, 73 kq çəki dərəcəsində Ramil Qasımov qızıl, 66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl, 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva gümüş, 81 kq çəki dərəcəsində Rövşən Səfərov gümüş, 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar. Komanda yarışlarında isə millimiz final görüşündə Rusiya komandasına 3-2 hesabı ilə qalib gələrək 4-cü dəfə Avropanın ən güclü komandası adına layiq görülüb.

Yarışın nəticələrinə görə, paraolimpiyaçı cüdoçularımız 5 lisenziya qazanaraq ümumi lisenziya sayını 7-yə yüksəldiblər.

Xəbər 670 dəfə oxundu.