“Qəbələ” komandası “Rəvan” ilə oyunda məğlubiyyətdən son dəqiqədə yaxa qurtarıb
Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.

Turun sonuncu qarşılaşmasında bundan əvvəlki beş oyunu qələbəsiz başa vuran “Qəbələ” komandası “Rəvan”ı qəbul edib. Birinci dövrədə rəqibi üzərində böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” “Rəvan”nın müqavimətini qıra bilməyiblər və qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Bu matç həm də UEFA Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirən “Qəbələ” üçün çempionluq yolunda mübarizəni davam etdirməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. “Rəvan” isə ötən turda “Zirə” üzərində qazandığı qələbənin təsadüfi olmadığını sübut edib. Bəhmən Həsənovun yetirmələri ikinci hissənin 66-cı dəqiqəsində Tural Qürbətovun qolu ilə meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur ediblər. Paytaxt təmsilçiləri qələbəyə yaxın olsalar da, “Qəbələ” matçın əsas vaxtına əlavə edilən hissənin 5-ci dəqiqəsində hesabı bərabərləşdirib – 1:1. Ev sahiblərinin heyətində Fakundo Pereyra fərqlənib.

Beləliklə, 14 turdan sonra Topaz Premyer Liqasına 32 xalla “Qarabağ” komandası liderlik edir. Hər birinin aktivində 24 xal olan “İnter”, “Zirə” və “Qəbələ” komandaları top fərqinə görə müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıblar. “Kəpəz” 20 xalla beşinci, “Neftçi” 19 xalla altıncıdır. Digər sıralarda isə “Sumqayıt” (12 xal), Xəzər Lənkəran” (12 xal), AZAL (12 xal) və “Rəvan” (9 xal) komandaları yer alıb.

Xəbər 669 dəfə oxundu.