Topaz Premyer Liqasının XIV turuna “Qəbələ” – “Rəvan” matçı ilə yekun vurulacaq
Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulacaq. Turun son qarşılaşmasında ötən beş oyunu qələbəsiz başa vuran "Qəbələ" - "Rəvan"ı qəbul edəcək.

Bu matç Avropa Liqasında növbəti mərhələ şansını itirən “Qəbələ” üçün çempionluq yolunda mübarizəni davam etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Baş məşqçi Roman Qriqorçukun komandası 3 xal qazanacağı təqdirdə, turnir cədvəlinin ikinci pilləsinə yüksələcək və 32 xalla lider olan "Qarabağ"dan cəmi altı xal fərq saxlayacaq. Heç-heçə nəticəsində "qırmızı-qaralar" hərəyə 24 xalı olan "İnter" və "Zirə" ilə eyni xalı bölüşdürəcək.

Son iki turda 6 xal qazanan autsayder "Rəvan" isə səfərdən 3 xalla dönərsə, ən yaxın qonşusu AZAL-la xal fərqini birə endirəcək.

Cari mövsümün ilk görüşü Bakıda “Qəbələ”nin rəqibi üzərində 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər 994 dəfə oxundu.