Topaz Premyer Liqası, “Neftçi” ardıcıl ikinci qələbəsini qazandı
Topaz Premyer Liqasının XIV turu Azərbaycan derbisi ilə əlamətdar oldu. “Bakcell Arena”da “Qarabağ”ı qəbul edən “Neftçi” 1-0 hesablı qələbə qazandı.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Qələbə münasibəti ilə “Neftçi”ni təbrik edirəm. “Neftçi” həmişə olduğu kimi istəkli idi. Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim.

Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar, hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı “Neftçi” qazandı, qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, “Neftçi” mənim üçün doğma klubdur, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdir, bura “Neftçi” də daxildir.

Əsgər Abdullayev (“Neftçi”nin baş məşqçisi): “Qarabağ” güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik. Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq.

Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur.

Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.


Xəbər 693 dəfə oxundu.