FIFA eksperti Topaz Premyer Liqasının XIV turunun oyunlarını izləyib
Sabiq FIFA referisi Frank de Bleker ölkəmizə səfərə gəlib.

AFFA-nın dəvəti ilə Bakıya səfər edən 49 yaşlı belçikalı referi noyabrın 28-də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ilə görüşüb. Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub, növbəti görüşün yaxın gələcəkdə təşkil olunması qərara alınıb. Qeyd olunub ki, səfərin məqsədi perspektivli gənc hakimlərin idarə etdikləri oyunlara baxmaq və bu barədə lazımi qurumlara məlumat verməkdir.

Görüşdə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak ediblər.

Belçikalı referi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. Həmin kursda Azərbaycandan hakim Ömər Paşayev, eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər.

Mütəxəssis Topaz Premyer Liqasının XIV turunda AZAL – “Sumqayıt” və “Zirə” – “Xəzər Lənkəran” oyunlarını izləyib. Qonaq, həmçinin noyabrın 29-da Ömər Paşayevin idarə edəcəyi “Neftçi” – “Qarabağ” qarşılaşmasına da baxacaq.

F.Bleker 14 il FİFA hakimi kimi çalışıb. O, iki dünya, bir Avropa çempionatının final mərhələsində oyunları idarə edib. Ümumilikdə mütəxəssis UEFA Çempionlar Liqasının final mərhələsində 47 dəfə meydanda olub.

Xəbər 643 dəfə oxundu.