Azərbaycan boksçuları gənclər arasında Avropa çempionatını üç medalla başa vurublar
Polşanın Kolobjek şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan boksçusu Ruslan Rüstəmov (49 kq) yarımfinala qədər uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda güclü rəqiblər - irlandiyalı Stefan Makkenna ilə qarşılaşan R.Rüstəmov qalib gələrək Avropa çempionu adını qazanıb.

Elməddin İsmayılov (60 kq) isə yarımfinalda almaniyalı boksçu Denis Qaşi ilə qarşılaşıb. Gərgin keçən görüş Almaniya idmançısının qələbəsi ilə yekunlaşıb. Bununla da E.İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub.

Digər təmsilçimiz İsmayıl Hüseynov (69 kq) yarımfinala qədər bütün rəqiblərini məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda boksçumuz polşalı idmançı Sebastian Viktorzakla üz-üzə gəlib. Görüş İ.Hüseynovun qələbəsi ilə yekunlaşıb və o, finala adlayıb. Qızıl medal uğrunda görüşdə boksçumuz irlandiyalı Maykl Nevinle qarşılaşmalı olsa da, idmançımız zədə səbəbindən görüşə çıxa bilməyib.

Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xəbər 756 dəfə oxundu.