Kosta-rikalı futbolçu cənublularla 2 illiyə anlaşıb
“Rendall Brenesin “Xəzər Lənkəran” klubuna keçidi ilə bağlı demək olar hər şey razılaşdırılıb. Onun bu komandaya keçidi üçün yalnız tibbi müayinədən keçməyi qalıb. Bundan sonra isə müqavilə imzalanacaq”. İdman.com.az saytının məlumatına görə, bu sözü kosta-rikalı futbol agenti Adolfo Ernandes deyib.

FİFA agenti statusuna malik funksioner müştərisi olan Kosta-Rika milli komandasının futbolçusu Rendall Brenesin karyerasını Azərbaycanda davam etdirməsi haqda danışıb. Ernandes bildirib ki, “Kartagin” klubunun yetirməsi olan “El-Çikue” ləqəbli 28 yaşlı hücumçu artıq doğma komandasında son oyununu keçirib: “Orion”la matç onun “Kartagin”də son oyunu idi. Brenes “Xəzər Lənkəran”la 2 illik müqavilə imzalayacaq. O, yeni komandasında da hücumçu mövqeyində çıxış edəcək. Lakin Uinston Parksdan fərqli, Brenes Azərbaycanda da hücumun sivri ucunda oynamayacaq”.

Qeyd edək ki, 2005-ci ildən Kosta-Rika yığmasına cəlb olunan Brenes millidə 16 oyuna 5 qol vurub. O, millidə son qolunu ötən il noyabrın 15-də İspaniya millisinə vurub. 2:2 hesabı ilə nəticələnən oyunda ilk qolu “El-Çikue” vurmuşdu.

Xəbər 1117 dəfə oxundu.