Bakıda Avropa ölkələrinin güləş federasiyaları prezidentlərinin və baş katiblərinin toplantısı keçirilib
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Dünya Güləş Birliyi idmanın bu növünün inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Bu tədbirlər çərçivəsində noyabrın 28-də Dünya Güləş Birliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında Avropa ölkələrinin güləş federasiyaları prezidentlərinin və baş katiblərinin toplantısı baş tutub. Tədbirdə Avropanın 20-dən çox ölkəsinin güləş federasiyalarının prezidentləri və baş katibləri iştirak ediblər.

Avropa Güləş Federasiyasının prezidenti Tzeno Tzenov toplantıda çıxış edib.

Sonra “Güləşin yeni siması”, “Dünya Güləş Birliyinin inkişaf proqramları”, “Milli federasiya modellərinin konsepsiyasının hazırlanması”, “Olimpiya həmrəyliyi” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xəbər 747 dəfə oxundu.