Bakıda “Milan” Futbol Akademiyası məktəbinin açılması üçün lazımi şərait yaradılacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM) idarə heyətinin sədri Xaliq Məmmədov “Milan” Futbol Akademiyasının baza məşqçisi Daniel Paccaqnan və “Milan” futbol klubunun xarici ölkələrdə fəaliyyət göstərən futbol akademiyaları üzrə meneceri Silvio Broli ilə görüşüb.

Görüşdə SOCAR-ın Hüquq İdarəsinin rəis müavini, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin idarə heyətinin sədr müavini Şahin İsmayılbəyli, Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Siqve Austeim də iştirak ediblər.

Söhbət zamanı Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyası məktəbinin yaradılması məsələsi müzakirə edilib. Bildirilib ki, hazırda dünyanın müxtəlif ölkələrində “Milan” Futbol Akademiyasının 70-dən çox məktəbi fəaliyyət göstərir. Akademiyanın yetirmələri İtaliya klubları ilə yanaşı, bir çox xarici komandalarda da çıxış edirlər.

Qonaqlar dünyada məşhur olan “Milan” Futbol Akademiyasının Azərbaycan futbolunun inkişafına töhfə vermək arzusunda olduğunu vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda Akademiyanın ilk addımı kimi Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyasının məktəbi təşkil ediləcək. Akademiyanın yaradılmasında məqsəd məktəbliləri erkən yaşdan təkcə futbola deyil, sağlam həyat tərzi və bədən tərbiyəsinə yönəltməkdir. Məhz buna görə də “Milan” Futbol Akademiyasının təlimlərinə futbolla yanaşı, digər idman növləri də daxildir. Akademiya qarşısına uşaqları erkən yaşlarından istedad kimi yetişdirmək məqsədini qoyub.

Xaliq Məmmədov Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyasının məktəbinin açılması ideyasının ABTM və onun təsisçisi SOCAR tərəfindən dəstəkləndiyini söyləyib. O, SOCAR-ın Azərbaycan futbolunun inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bu layihənin uğurla reallaşması üçün lazımi şərait və infrastrukturun yaradılacağını vurğulayan X.Məmmədov bu yolda “Milan” Futbol Akademiyasına müvəffəqiyyətlər arzulayıb.

Bu ilin oktyabrında Daniel Paccaqnan və Silvio Broli Bakı İstedadlar Təhsil Kompleksində olub, kompleksin futbol meydançasında, üzgüçülük hovuzunda və idman zallarında yaradılmış şəraitlə maraqlanıblar. “Milan” Futbol Akademiyasının nümayəndələri Bakı İstedadlar Təhsil Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Xəbər 555 dəfə oxundu.