Bakı İdman Sarayında “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir [YENİLƏNİB]
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.

Yarışın ilk günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşir. Azərbaycanın idman şərəfini 22 güləşçi təmsil edir. Onlardan altısı final mərhələsinə yüksəlib.

Turnirdə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev həlledici mərhələdə İran təmsilçisi İmam Sadikaukaya ilə qarşılaşacaq. Toğrul Əsgərovun (70 kq) rəqibi Özbəkistan güləşçisi Bekzod Abdulraşidov olacaq. Cəbrayıl Həsənov (74 kq) isə rusiyalı Xetik Tçabolovu məğub etməyə çalışacaq. Yarışda 86 kiloqram çəki dərəcəsində finalda Azərbaycanın iki pəhləvanı - Aleksand Qostiyev və Nurməhəmməd Hacıyev qarşılaşacaqlar. Bundan əlavə, 97 kiloqram çəki dərəcəsində Şərif Şərifovun rəqibi Gürcüstan təmsilçisi Elizbar Otikadze olacaq. Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov isə xalça üzərinə gürcüstanlı Geno Petriaşviliyə qarşı çıxacaq.


11:46

Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb.

Sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü pəhləvanları mübarizə aparırlar.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Sərbəst güləşçilərin yarışında 22 güləşçimiz mübarizə aparır.

Azərbaycanın idman şərəfini Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov, Həmid Əhmədli (hər ikisi 125 kq) təmsil edəcək.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

AZƏRTAC

Xəbər 729 dəfə oxundu.