FIDE 2016-cı ili Paul Keres ili elan edib
2016-cı il yanvarın 7-də XX əsrdə Estoniyanın ən yaxşı idmançısı sayılan qrossmeyster Paul Keresin anadan olmasının 100 illiyi tamam olur. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu münasibətlə gələn ili Beynəlxalq Paul Keres İli elan edib.

P.Keres 1938-ci ildə Avropa turnirində qalib gələndən sonra dünya çempionu adı uğrunda Aleksandr Alyoxin ilə görüşmək hüququ qazanıb. Lakin bu matç İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar baş tutmayıb. P.Keresin çempion adı uğrunda mübarizəsi 1963-cü ilə qədər davam edib. Həmin il o, Kyurasaoda iddiaçıların turnirində ikinci yeri tutub. Bununla da əfsanəvi şahmatçıya “əbədi ikinci” ləqəbi verilib. O, 1939-cu ildə Buenos-Ayresdə keçirilən Şahmat Olimpiadasında bürünc medal qazanıb, 1952-1964-cü illərdə SSRİ yığmasının tərkibində yeddi dəfə Olimpiya çempionu olub.

Paul Keres şahmat dünyasında həqiqi centlmen və ədalətli oyun rəmzi sayılır. O, portreti əsginazda təsvir olunan və ölkəsində əsrin idmançısı seçilən yeganə şahmatçıdır.

Estoniya Şahmat İttifaqı Estoniya Mədəniyyət Nazirliyi, Estoniya Olimpiya Komitəsi və bir sıra digər təşkilatlar ilə əməkdaşlıq şəraitində 2016-cı ildə “Paul Keres -100” şahmat festivalı keçirəcək. Festival 2015-ci il dekabrın 8-də P.Keresin anadan olduğu Narva şəhərində “Baltik dənizinin şahmat ulduzları” Beynəlxalq gənclər turniri ilə başlayacaq, 2016-cı ilin dekabrında Pyarnuda sürətli və ildırım sürətli şahmat üzrə çempionatla başa çatacaq.

AZERTAC

Xəbər 748 dəfə oxundu.