“Qarabağ” evdə Avropa Liqasında son qrup oyununu keçirəcək
Noyabrın 26-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

“Qarabağ” doğma meydanda İngiltərənin "Tottenhem" komandası ilə qarşılaşacaq.

Dörd turdan sonra “Qarabağ” dörd xalla “J” qrupunda Belçikanın “Anderlext” komandası ilə birgə 3-4-cü yerləri bölüşür. London təmsilçisi isə 7 xalla qrup lideridir. Növbəti mərhələyə yüksəlmək şanslarını itirməmək üçün Qurban Qurbanovun rəhbərlik etdiyi komandaya mütləq qələbə lazımdır.

“Tottenhem” komandası yeddi əsas futbolçuya istirahət verərək Bakıya gətirməyib. Onların arasında Mussa Dembele, Denni Rouz və Kayl Uolker kimi futbolçular var.

"Qarabağ"ın heyətində isə zədə səbəbindən Reynaldo ilə Əlhərbi Əl-Jadeyui meydana çıxmayacaq. Q.Qurbanov kapitan Rəşad Sadıqovun meydana çıxma ehtimalının olduğunu, lakin yekun qərarı oyun ərəfəsində verəcəyini deyib.

“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Tasos Sidiropulosdur. Ona yan xətt hakimləri Damians Eftimiadis, Polixronis Kostaras kömək edəcəklər.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 22:00-da başlanacaq.

Xəbər 691 dəfə oxundu.