Topaz Premyer Liqası, XIII tura yekun vuruldu
Topaz Premyer Liqasının XIII turuna bu gün keçirilən “İnter” – AZAL görüşü ilə yekun vuruldu. Oyun meydança sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir. İkinci hissədə toparlansaq da, nə isə edə bilmədik. Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi?
Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq. Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra bilər.
Futbolçularımın fərdi səhvləri var. Eyni zamanda, oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular I Divizion əhval-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını da qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır”.


Xəbər 707 dəfə oxundu.