Azərbaycan idmançısı “Glory World Series” turnirində çıxış edəcək
Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev ölkə kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - “Glory World Series”də çıxış edəcək.

Dekabrın 4-də Hollandiyada keçiriləcək döyüşlə bağlı mətbuat konfransı keçirilib.

Konfransı giriş nitqi ilə açan “Qəbələ”nin digər idman növləri üzrə koordinatoru Səbuhi Qarayev klubun təkcə futbola deyil, digər idman növlərinə də diqqət ayırdığını vurğulayıb. Natiq, həmçinin Pərviz Abdullayevi gözləyən sınaq barədə qısa məlumat verib.

Azərbaycan təmsilçisi də öz növbəsində qarşıdakı turnir və hədəfləri barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Bildirib ki, bu turnirdə iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və “Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram. Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan.

Kikboksçu rəqibini də dəyərləndirib. O, 13 görüşdən 10-da qələbə qazanan Aziz Kallahın üstün tərəflərini öyrəndiyini deyib. “Yaşı azdır. Lakin “Glory World Series”də iştirak hüququ qazanıbsa, deməli güclüdür. Hollandiya məktəbinin yetirməsidi, bu da çox şeydən xəbər verir. Əsas hücumdur və ona qarşı döyüş üslubumu belə quracağam”, - deyə Pərviz Abdullayev deyib.

P.Abdullayev hazırda əla formada olduğunu açıqlayaraq məğlubiyyət haqda düşünmədiyini vurğulayıb. Deyib ki, döyüşdə ehtiyatlı olmalısan. Əsas odur zərbə buraxıb zədələnməyəsən və görüş yarımçıq saxlanılmasın. Bunun üçün hücumda döyüşəcəyəm. Oktyabrın 16-da Rumıniyada qələbə qazandım və 1 həftə sonradan bu qarşılaşma üçün hazırlıqlara başlamışam. Formadayam, hər şey yaxşı olmalıdı.

Noyabrın 25-də səfərə yollanacaq idmançı bildirib ki, gələcəkdə “Glory World Series”in Azərbaycanda keçirilməsi istisna deyil.

İdmançının şəxsi məşqçisi Mehman Umudov də yetirməsinin qalib gələcəyinə inandığını deyib. Vurğulayıb ki, bu arzumuz idi. Hamı tələbəsinin bu yarışda iştirakını istəyir. Gələcəkdə digər tələbələrimiz də Pərviz ardınca bu yarışa yollanacaq. Rəqibi izləmişik, ona qarşı lazımınca hazırlaşmışıq. Yetirməm yarışa tam hazırdır.

Qeyd edək ki, “Kobra” ləqəbli P.Abdullayev indiyədək 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gəlib. Onun rəqibi mərakeşli Aziz Kallah isə peşəkar rinqdə 13 döyüş keçirib.

Xəbər 1479 dəfə oxundu.