Azərbaycan şahmatçılarının Avropa çempionatındakı növbəti rəqibləri müəyyənləşib
Bu gün Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.

Çempionluq titulu uğrunda mübarizədə kişilərdən ibarət millimiz Latviya ilə görüşəcək. Millimizin heyətində Şəhriyar Məmmədyarov Aleksey Şirov, Teymur Rəcəbov İqor Kovalenko, Arkadi Naydiç Arturs Neksans, Rauf Məmmədov isə Toms Kantans ilə münasibətlərə aydınlıq gətirəcək.

Turnir cədvəlinə 11 xalla Rusiya millisi liderlik edir. Fransa yığması 10 xalla ikinci, Azərbaycan komandası isə 9 xalla üçüncü pillədə qərarlaşıb.

Qadın şahmatçılarımız isə Ermənistana komandası ilə üz-üzə gələcəklər. Belə ki, Zeynəb Məmmədyarova Elina Danielyan, Gülnar Məmmədova Lilit Mkrtçyan, Nərmin Kazımova Lilit Qaloyan, Ülviyyə Fətəliyeva isə Mariya Kursova ilə qarşılaşacaq.

Qadınların mübarizəsində də Rusiya millisi (11 xal) turnir cədvəlinin birinci pilləsində yer alıb. Gürcüstan (10 xal) ikinci, Ukrayna (9 xal) isə üçüncü pillədə qərarlaşıb. Hesabında 6 xal olan Azərbaycan millisi isə on altıncıdır.

Xəbər 653 dəfə oxundu.