“Breyn-rinq” oyunu üzrə ikinci Azərbaycan çempionatı davam edir
Azərbaycan Televiziyasında məktəblilər arasında keçirilən “Breyn-rinq” üzrə Azərbaycan çempionatının oyunları yayımlanır.

Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin aprel-may aylarında bu qurum və Təhsil Nazirliyi “Breyn-rinq” üzrə ölkəmizin 11 şəhərində bütün regionlardan olan məktəb komandalarının iştirakı ilə seçim turları keçiriblər.

Seçim turlarının nəticələrinə görə Azərbaycanın 11 regionundan olan 14 məktəb komandası Bakıda keçirilən “Breyn-rinq” üzrə yarışda Azərbaycan çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Noyabrın 17-də Azərbaycan Televiziyasında yayımlanmış ilk oyunda Zərdab, İmişli, Ağdaş, Masallı, Şabran, Zaqatala və Sumqayıt komandaları iştirak ediblər. İlk yarışda qalib gələn Zaqatala komandası çempionatın final oyununda iştirak etmək hüququ qazanıb.

Çempionatın növbəti oyunlarını noyabrın 18-dən 20-dək saat 19.00-da Azərbaycan Televiziyasında izləmək olar.

Xatırladaq ki, çempionat Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Xəbər 790 dəfə oxundu.