Ümid Məmmədzadə: “İdmançının hədəfi həmişə böyük olmalıdır”
Noyabrın 18-22-də Moldovada qaydasız döyüşün MMA versiyası üzrə dünya çempionatı keçiriləcək. Yarışda ölkəmiz böyük heyətlə təmsil olunacaq.

Komandanın tərkibində Azərbaycanın şərəfini qoruyacaq idmançılardan biri də gənc və perspektivli döyüşçü Ümid Məmmədzadədir.

İdman ustası olan Ümid neçə illərdir ki, qaydasız döyüş idman növü üzrə peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsidir. Qaydasız döyüş üzrə iki qat dünya çempionu, Avropa çempionu, üçqat respublika çempionu, ikiqat Bakı çempionu, Qafqaz çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olub.

Bu yarışa böyük ümidlə yollanan Məmmədzadə yarışdan qələbə ilə qayıdacağına əmindir: “İndiyə qədər qazandığım sonsuz uğurlarımın sirri fasiləsiz məşqlərimdir və hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanıram. Digər yarışlarımdakı kimi, bu dəfə də qalib gələrək, bayrağmızı qaldırmaq, himninimizi səsləndirmək istəyirəm. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən tək öz qazandığım uğurlarla yox, vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm".

Qeyd edək ki, 20 noyabr tarixində beynəlxalq yarış “Boeç TV”-də canlı olaraq izləniləcək.


Xəyalə Akifqızı

Xəbər 3446 dəfə oxundu.