“Avro-2016”nın püşkatma mərasimi üçün səbətlərdə yer alan komandalar müəyyənləşib
Futbol üzrə “Avro-2016”nın final mərhələsinin püşkatma mərasimi üçün səbətlərdə yer alan komandalar bəlli olub.

23 iştirakçı komanda səbətlərə “Avro-2012”, 2014-cü il dünya çempionatı seçmə mərhələləri və UEFA-nın oktyabrda açıqladığı yığmaların reytinqi əsasında bölünüb. Belə ki, yığmalar dörd səbətdə müəyyənləşəcək. Qitənin son çempionu İspaniya daxil olmaqla beş komanda birinci səbətdə, 2, 3 və 4-cü səbətlərdə altı komanda olacaq. Çempionatın final mərhələsinin ev sahibi olan Fransa təşkilatçı ölkə kimi “A” qrupunda birinci mövqeni tutacaq və püşkatmaya qatılmayacaq. Bütövlükdə, püşkatma zamanı dörd səbətdən altı qrup təşkil ediləcək.

2016-cı il iyunun 10-dan 22-dək keçiriləcək qrup mərhələsinin yekununda qruplarda ilk iki yerdə qərarlaşan komandalar, eləcə də üçüncü yerin sahibləri arasında dörd ən güclü milli play-off-a vəsiqə qazanacaq. İyunun 25-27-də 1/8, iyunun 30-dan iyulun 3-dək 1/4 final, iyulun 6-7-də yarımfinal görüşləri təşkil olunacaq. Final matçı isə iyulun 10-da oynanılacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Parisdə təşkil olunacaq:

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan

4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.

Xəbər 682 dəfə oxundu.