Azərbaycan - Moldova: Məşqçi fikirləri
Azərbaycan və Moldova milliləri arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisinin qarşılaşma barədə səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:


Ştefan Stoyka (Moldova millisinin baş məşqçisi): “İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Oyuna gəlincə, yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı. Bizimlə müqayisədə Azərbaycan millisi daha çox qol imkanı yaratdı.

Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Hansı ki, onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik.
Azərbaycan idmanı inkişafdadır. Bu, futbolda da özünü göstərir. İdmanınıza böyük investisiya qoyulur. Bu, öz sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdu. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq”.

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Birinci hissədə göstərdiyimi oyun indiyəqədərki ən yaxşı oyunumuz idi. Doğrudur, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım. Milli bu gün ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi. Müxtəlif səbəblərdən Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə mərhələdə Azərbaycana gələcək komandaları çətin oyun gözləyəcək”.

Xəbər 811 dəfə oxundu.