Dünya stadionları - “Marakana” və ya braziliyalı jurnalistin xatirəsinə möhtəşəm arena
“Marakana” dünyanın ən böyük, möhtəşəm stadionlarından biridir. Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Marakana”nın tikintisinə 1948-ci ildə başlanılıb. 1950-ci ildə Braziliyada keçirilən dünya çempionatı üçün inşa olunan arenada işlər 1965-ci ildə yekunlaşıb. Rəsmi adı “Mario Filyu” olan stadionda yerli “Flamenqo”, “Fluminense” və bütün yaş qruplarından ibarət Braziliya yığma komandaları ev oyunlarını keçirirlər. Həmçinin arenada hər il Karaoke Liqasının final oyunu da təşkil olunur.

Stadion “Marakana” adını yaxınlıqda axan çaydan götürüb. Mario Filyu isə braziliyalı jurnalistin adıdır. O, arenanın layihəsinin gerçəkləşməsi üçün mühüm işlər görüb. Arenanın 1950-ci ildə təşkil olunan açılış mərasimində Rio-de-Janeyro və San-Paulu komandaları qarşılaşıb və stadionda ilk qolu məşhur futbolçu Didi vurub.

Stadionda ilk beynəlxalq oyun dünya çempionatı çərçivəsində Braziliya və Uruqvay yığmaları arasında keçirilib və meydan sahibləri məğlub olublar. Bu oyun bir çox rekordlarla yadda qalıb. Belə ki, matçı rekord sayda – 199 min 850 azarkeş stadiondan izləyib. Bu görüş Qlazqodakı “Hempden Park” stadionundakı tamaşaçı sayı ilə bağlı rekordunu da yeniləyib. 1963-cü ildə ölkə çempionatı çərçivəsində təşkil olunan “Flamenqo”–“Fluminense” oyununda klub turnirləri tarixində ən çox azarkeş – 177 min 656 futbolsevər stadionda öz komandasını dəstəkləyib. 1980-ci ilədək ölkə çempionatının oyunlarını ən azı 130 min tamaşaçı bu arenada izləyib. 2000-ci ildə “Marakana” yenidən irimiqyaslı turnirə ev sahibliyi edib. FİFA-nın bayrağı altında ilk dəfə təşkil olunan klublararası dünya çempionatının final oyununa öz qapılarını açıb.

Oval formasında inşa edilən stadionun yaxınlığında “Marakanasino” yerləşir ki, burada boks, tennis yarışları, həmçinin festival və konsertlər təşkil olunur.

Daha əvvəllər “Marakana” azarkeş tutumuna görə, dünyanın ən böyük stadionu hesab olunurdu. Rekonstruksiyadan sonra stadion azarkeş tutumuna görə liderliyini itirib. Hətta arena dünyanın ən böyük stadionlarının “TOP-50” siyahısına belə daxil olmayıb.

2014-cü ildə Braziliyada təşkil olunan dünya çempionatı zamanı arenanın oturacaq sayı 78 min 838-dən 73 min 531-ə endirilib. Həmçinin mundial ərəfəsində stadionun üstü plastik ilə örtülüb. 2016-cı ildə Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasiminin “Marakana”da keçirilməsi nəzərdə tutulub. Olimpiada zamanı futbol yarışlarının final görüşlərinə arena ev sahibliyi edəcək.

Xəbər 2020 dəfə oxundu.