“Formula-1” yarışlarının 18-ci – Braziliya Qran-prisinə yekun vurulub
Mötəbər turnirin San-Pauludakı Joze Karlus Pase adına avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb. Uzunluğu 4304 metr olan trasda keçirilən turnirin qalibi adını “Mersedes”in pilotu Niko Rosberq qazanıb. Bu mərhələdən sonra Niko Rosberq dünya çempionatında ikinci yeri təmin edib.

Artıq Soçi Qran-prisində “Mercedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu qazanıb. Buna görə də Braziliya Qran-prisində ikinci yer uğrunda almaniyalı pilotlar Sebastian Vettel (“Ferrari”) və Niko Rosberq (“Mercedes”) arasında gərgin mübarizə gözlənilirdi. Braziliya Qran-prisində “Mersedes”in britaniyalı pilotu Luis Hamilton ikinci, Sebastian Vettel (“Ferrari”) üçüncü olub.

Builki çempionatın qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton 327 xalla qələbəsini bayram edib. Hazırda onun aktivində 363 xal var. O, 18 mərhələnin 10-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya, Rusiya və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

“Formula-1” yarışlarının Bakı Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.

Xəbər 814 dəfə oxundu.