Azərbaycan şahmatçıları üçüncü turda ukraynalı və latviyalı həmkarları ilə qarşılaşıblar
Azərbaycanın kişilərdən ibarət yığması Reykyavikdə keçirilən Avropa Komanda Çempionatında üç turdan sonra 5-14-cü yerləri bölüşürlər.

Üçüncü turda kişilərdən ibarət komanda (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlinin) ukraynalılara 1,5:2,5 hesabı ilə uduzub. Bundan əvvəlki iki turda isə qrossmeysterlər Sloveniya və Danimarka yığmasına qalib gəliblər.

Üç turdan sonra Azərbaycanın aktivində 4 xal olub. Polşa, İspaniya, Macarıstan, Gürcüstan, İngiltərə, Xorvatiya, Türkiyə və İsveçrə yığmalarının hesabında da 4 xal var.

Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımovadan ibarət qadın komandamız Latviya yığmasına uduzub (1,5:2,5).

Beləliklə, azərbaycanlı şahmatçıların aktivində 2 xal var və onlar bu nəticə ilə turnir cədvəlində 18-25-ci yerləri bölüşürlər.

Xatırladaq ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışlar noyabrın 22-dək davam edəcək. Hər komandaya dörd əsas və bir ehtiyat şahmatçı daxildir.

Xəbər 627 dəfə oxundu.