Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazandı
Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvü Hidayət Heydərov Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

73 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib. Növbəti mərhələlərdə rusiyalı Arbi Xamxoyevə, ukraynalı Artyom Xomulaya qalib gələn H.Heydərov yarımfinalda İtaliya cüdoçusu Antoniyo Espozitoya uduzub. Üçüncü yer uğrunda görüşdə Montoneqro nümayəndəsi Nikola Qusiç üzərində qələbə qazanan cüdoçumuz Avropa birinciliyinin bürünc medalına sahib olub.

Xatırladaq ki, qitə birinciliyində çıxış edən milli komandamızın aktivində hazırda üç medal var. Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıblar.

Xəbər 720 dəfə oxundu.