“Heydər zirvəsi”nə yürüş təşkil ediləcək
Ənənəyə sadiq qalaraq ümummilli lider Heydər Əliyev xatirəsinə Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə növbəti kütləvi yürüş təşkil edilir.

Dekabrın 9-dan 12-dək təşkil olunacaq yürüşün həyata keçirilməsi üçün ADEİNFA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanıb və bu, müraciətə əsasən Şahdağ Milli Parkında yerləşən 3751 metr hündürlüyə malik zirvəyə yürüşün təşkili üçün müvafiq icazə alınıb. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də tədbirin yüksək məramı nəzərə alınaraq, qeyd olunan tarixlərdə “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər milli parkın yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcəklər.

Yürüşdə iştirak etmək arzusunda olan iştirakçılar və klublar sənədləşmənin aparılması üçün noyabrın 25-dək FAİREX-ə müraciət etməlidirlər.

AZƏRTAC

Xəbər 721 dəfə oxundu.