Azərbaycan karateçilərindən dünya çempionatında daha 2 medal
Azərbaycan karateçiləri Elcan Məmmədrzayev (61 kq) və Hümmət Baxşəliyev (57 kq) İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında dünya çempionatında daha iki medal qazanmaqla ümumi medallarımızın sayını üçə çatdırıblar.

Yarışın ikinci günü tatamiyə çıxan dörd idmançımızdan E.Məmmədrzayev 16-17 yaşlılar arasında beş rəqibindən yalnız yaponiyalı idmançıya finalda məğlub olmaqla gümüş medal qazanıb. 14-15 yaşlı yeniyetmələrdən H.Baxşəliyev isə bürünc medalla kifayətlənib.

Dünya çempionatının üçüncü yarış günü daha 7 karateçimiz tatamiyə çıxacaq.

Noyabrın 15-dək davam edəcək çempionatda 91 ölkədən 1420-dən çox karateçi mübarizə aparır.

Xəbər 714 dəfə oxundu.