Azərbaycanın U-19 millisi “Avro-2016”nın seçmə mərhələsində ikinci oyununu keçirib
On doqquz yaşadək futbolçular arasında “Avro-2016”nın seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan millisi noyabrın 12-də Türkiyə yığmasını qəbul edib. Oyun Türkiyə futbolçularının minimal hesablı qələbəsi ilə başa çatıb.

“Bayıl Arena”da keçirilən qarşılaşmanı estoniyalı baş hakim Eiko Saar idarə edib. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Matçın 40-cı dəqiqəsində qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Lakin millimizin futbolçusu Roman Hüseynov bu imkanı əldən verib. Türkiyə yığmasının futbolçusunun qırmızı vərəqə alaraq meydandan qovulmasına baxmayaraq, komandamız bu fürsəti dəyərləndirə bilməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Fasilədən sonra millimiz meydanda təşəbbüsü ələ alsa da, hesabı qonaqlar açıblar. Matçın 57-ci dəqiqəsində Abdullah Balıkçı Türkiyə millisini hesabda irəli çıxarıb - 0:1. Oyunun qalan vaxtında topa daha çox yiyələnən yığmamız rəqib qapısına yol tapa bilməyib. Görüşün sonunda komandamız da azlıqda qalıb. Elnur Cəfərova qırmızı vərəqə göstərilib.

İki turdan sonra qrupa altı xalla Ukrayna yığması başçılıq edir. Bosniya və Herseqovina ilə Türkiyə milliləri üç xalla ikinci və üçüncü yerləri bölüşdürürlər. Millimizin hesabında isə xal yoxdur.

Xəbər 646 dəfə oxundu.