"Lokomotiv", "Azərreyl" və "Telekom" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər
Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv", "Azərreyl" və "Telekom" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər. Bu komandalardan ikisi bir-birinə qarşı mübarizə aparacaq.

A qrupunda keçiriləcək görüşdə "Lokomotiv" "Azərreyl"lə münasibətlərinə aydınlıq gətirəcək. Voleybol Mərkəzində baş tutacaq qarşılaşmada "Lokomotiv" nominal meydan sahibi qismində çıxış edəcək. "Lokomotiv" qrupun ilk görüşündə səfərdə Rusiyanın "Dinamo" (Kazan) komandasına 1:3 hesabı ilə məğlub olubsa, "Azərreyl" Bakıda "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. İndi qrupun digər oyununda "Ştutqart" "Dinamo"nu qəbul edəcək. İlk görüşlərdən sonra "Azərreyl" "Dinamo" ilə hərəyə 3 xalla ilk iki pilləni bölüşür. "Lokomotiv" və "Ştutqart"ın aktivində isə xal yoxdur.

E qrupunda mübarizə aparan "Telekom" Türkiyədə "Fənərbağça"nın qonağı olacaq. Bakı təmsilçisi ilk görüşdə doğma azarkeşlər önündə Polşanın "İmpel" klubuna məğlub olub - 0:3. İndi "İmpel" öz meydanında Almaniya "Drezdner"ini qəbul edəcək. Qrupda "Fənərbağça" və "İmpel" hərəyə 3 xalla liderdir. "Telekom" və "Drezdner"in aktivində xal yoxdur.

Qeyd edək ki, qruplarda III turun oyunları 24 - 26 noyabrda keçiriləcək.

Xəbər 790 dəfə oxundu.