Azərbaycanın U-19 komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda oynanılan 5-ci qrupunun görüşləri çərçivəsində noyabrın 10-da birinci turun qarşılaşmaları keçirilib.

Günün ilk qarşılaşması Türkiyə millisi ilə Bosniya və Herseqovina yığması arasında oynanılıb. Fransalı baş hakimi Nikolas Rainvillenin idarə etdiyi oyun Bosniya və Herseqovina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci qarşılaşmasında Azərbaycan millisi Ukrayna yığmasını qəbul edib. Rəqibin üstünlüyü şəraitində keçən görüşdə Ukrayna millisi yığmamızın qapısından dörd cavabsız top keçirib.

Hər iki oyun Bayıl stadionunda keçirilib.

Noyabrın 13-də U-19 yığmamız Türkiyə millisi, iki gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

Xəbər 676 dəfə oxundu.