Topaz Premyer Liqasında XII tura yekun vuruldu
Topaz Premyer Liqasında XII tura yekun vuruldu. Son görüşdə “İnter” səfərdə “Qəbələ”dən 1 xal ala bildi – 1:1.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Uzun müddətdir olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə məğlubiyyət isə bu qəbildən deyil. Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı”.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.

Xəbər 650 dəfə oxundu.